HACI ƏLƏKBƏR ŞƏHRİLİNİN QƏLƏMİNDƏN

(Xoşbəxt Yusifzadə haqqında)

Deyilən söz yadigardır…

Məlum olduğu kimi, X.Yusifzadənin elmi araşdırmaları neft və qaz-kondensat yataqlarının kəşfində və işlənilməsində qarşıya çıxan problemlərin həll edilməsi işinə böyük töhfə olmuşdur. Onun rəhbərliyi və bilavasitə iştirakilə aparılan elmi-tədqiqat işlərinin nəticələri bu məşhur alimin və görkəmli istehsalat təşkilatçısının nəşr olunmuş 186 elmi əsərində, o cümlədən 17 monoqrafiyasında və 8 ixtirasında öz əksini tapmışdır. X.Yusifzadənin rəhbərliyi və bilavasitə iştirakilə dəniz neft-qaz yataqlarının işlənilməsinin nəzəri əsasları hazırlanmış və həyata keçirilmişdir. Onun elmi fəaliyyəti sahə elmi-tədqiqat və layihə təşkilatları ilə, Azərbaycan Milli Elmlər Akademiyasının institutları ilə bağlı olmuş, birgə tədqiqatların nəticələri istehsalatda müvəffəqiyyətlə tətbiq edilmişdir.



Ümumiyyətlə, bir insan və neftçi kimi onun həyat və fəaliyyətinin ən fərəhli məqamlarının çox böyük bir hissəsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Tale X.Yusifzadəyə Türk dünyasının böyük oğlu, Azərbaycan xalqının tarixlər boyu böyük iftixar hissi ilə anacağı Heydər Əliyevi yaxından tanımaq, onun tapşırıqlarına əməl etmək, ayrı-ayrı vaxtlarda ondan mükafatlar almaq, onun diqqət və qayğısına layiq olmaq xoşbəxtliyini nəsib etmişdir. Azərbaycanın neft elmi və sənayesinin müasir tarixində X.Yusifzadənin yerini və rolunu ümummilli lider özünün bu fikri ilə çox dəqiq ifadə etmişdir: “Xəzər dənizini Xoşbəxt Yusifzadə kimi bilən ikinci adam yoxdur”.


Ümummilli liderin bu sözləri onun yeni neft strategiyasının hazırlanıb  həyata keçirilməsində, Azərbaycanın neft diyarı kimi yenidən şöhrətlənməsində  Xoşbəxt müəllimin xidmətlərinə verilmiş bənzərsiz qiymətdir.


Bu, solmaz bir söz yadigarıdır…

Xoşbəxt müəllimin öz gəncliyi ilə unudulmaz görüşü


1988-ci ildən başlayaraq X.Yusifzadə xarici şirkətlərlə birgə aparılmış bütün işlərdə, o cümlədən Xəzər dənizinin Azərbaycan sektoru və quru sahələri üzrə bu günədək bağlanmış 35 neft sazişinin hazırlanmasında və imzalanmasında bilavasitə iştirak etmişdir.


1991-ci ilin sonunda Azərbaycan müstəqillik əldə etdi. Lakin bu vaxt respublikanın iqtisadiyyatı, o cümlədən neft və qaz sənayesi artıq böhran içində idi. Keçmiş SSRİ respublikaları arasında iqtisadi əlaqələr qırılmışdı, ictimai-siyasi vəziyyət sabit deyildi, maliyyə və təchizatla bağlı kəskin problemlər mövcud idi. Buna görə də hələ sovet dövründə aşkar edilmiş “Günəşli” yatağının (1979-cu il) dənizin dərin sulu hissəsində, “Çıraq” (1985-ci il) və “Azəri” (1987-ci il) yataqlarında işlərə başlamaq imkanı yox idi.


Belə vaxtda xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev yaxşı bilirdi ki, zəruri maliyyə vəsaiti və müvafiq texniki vasitələr olmadan respublikanın neft sənayesini böhrandan çıxarmaq, ölkənin neft-qaz ehtiyatlarının mənimsənilməsini təşkil etmək mümkün deyil. “Günəşli” yatağının dərinsulu hissəsinin, “Çıraq” və “Azəri” yataqlarının işlənilməsini Azərbaycan yalnız öz qüvvəsi ilə təmin edə bilməyəcəkdi. İki yol vardı: ya 20-30 il gözləməli, ya da xarici neft şirkətlərini dəvət edib, yataqları birgə işlətməli. Respublikanın rəhbərliyi və mütəxəssislər ikinci yolu tutdular. Bu çox düzgün qərar idi, çünki respublika tamamilə yoxsullaşmışdı. İşləri görmək üçünsə milyardlar lazım idi.


Həm də sirr deyil ki, dənizin dərinsulu sahələrində neft-qaz yataqlarının işlənilməsi çox mürəkkəb məsələdir və belə yataqlardan neft-qaz hasil etmək üçün xarici şirkətlərlə işbirliyinin qurulması dünya təcrübəsində geniş yayılmış bir üsuldur. Riskləri azaltmaq üçün dünyanın  ABŞ, Böyük Britaniya, Fransa kimi qüdrətli dövlətləri, inkişaf etmiş digər ölkələr və iri neft şirkətləri də dərinsulu akvatoriyalarda səylərini, imkanlarını birləşdirməyə üstünlük verirlər. Məlumdur ki, xarici şirkətlərlə “Azəri” yatağı üzrə danışıqlar hələ sovet dövründə başlanmışdı.


Lakin bu danışıqlar öz məntiqi nəticəsinə Heydər Əliyevin respublika rəhbərliyinə ikinci qayıdışından sonra çatdırıldı. Danışıqlar prosesi onun sayəsində sürətləndi, bütün mürəkkəb məsələlər dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə birgə razılaşdırıldı.


1994-cü ilin sentyabr ayının 20-də tarixə “Əsrin müqaviləsi” kimi düşmüş və bütün dünyanın diqqətini cəlb etmiş “Azəri”, “Çıraq” və “Günəşli” (suyun dərin hissəsi) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş imzalandı. Yeni neft erasının əsasını qoymuş bu sazişin bağlanmasından keçən illər göstərir ki, “Əsrin Müqaviləsi” uğurla işləyir və öz gözəl bəhrəsini verir. Ulu öndərimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi və xeyir-duası ilə imzalanmış bu müqavilə Azərbaycanın müstəqilliyinin iqtisadi dayaqlarının sürətlə möhkəmləndirilməsi, sosial problemlərin həll olunması işinə xidmət edir. “Əsrin Müqaviləsi” böyük və parlaq bir epopeyadır. Bu epopeyanın ilk fəsilləri Dövlət Neft Şirkətinin rəhbərliyində əl-ələ, çiyin-çiyinə çalışan insanların, o cümlədən patriarx neftçi-alim Xoşbəxt Yusifzadənin elmi zəkası, zəngin təcrübəsi və əllərinin əməyi ilə yazılmışdır və bu gün onun yeni-yeni səhifələri yazılır.


Azərbaycanda neft və qaz sənayesinin inkişafında böyük xidmətlərinə görə X.Yusifzadə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 yanvar 2000-ci il tarixli Fərmanı ilə ölkənin ali mükafatı – “İstiqlal” ordeni ilə təltif olundu.


2004-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanmasının 10 ili tamam oldu. Müqavilənin həyata keçirilməsində nailiyyətlərinə və Azərbaycanın neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 sentyabr 2004-cü il tarixli Fərmanı ilə X.Yusifzadə “Şöhrət” ordeni ilə təltif edildi. X.Yusifzadəyə və onunla birlikdə təltif olunmuş digər şəxslərə Vətənin yüksək mükafatını prezident İlham Əliyev elə həmin il noyabrın 22-də Neft Daşlarında – dünyanın səkkizinci möcüzəsi adlandırılan əfsanəvi dəniz şəhərinin 55 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə təqdim etdi. Bu yubiley X.Yusifzadə üçün sanki öz gəncliyi ilə unudulmaz bir görüş oldu.  


Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrildi

1996-cı il iyunun 4-də Bakıda xarici şirkətlərlə “Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” perspektivli sahəsinin kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında” neft Sazişinin imzalanması ilə bu struktur yenidən dərin kəşfiyyat qazmasına daxil edildi və 1999-cu ildə “Şahdəniz” yatağı aşkar edildi. Bu, dünya dənizlərində indiyədək kəşf olunmuş ən böyük qaz-kondensat yataqlarından biridir. Yatağın ehtiyatları 1 trilyon 200 milyard kubmetr qazdan və 240 milyon tondan artıq kondensatdan ibarətdir.


Yatağın mənimsənilməsinə 2006-cı ilin dekabrında başlandı, bununla da Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrildi. Bakının yaxınlığındakı Səngəçal terminalından başlanıb, Gürcüstandan keçən və Türkiyə ərazisində BOTAŞ şirkətinin kəmərlər sisteminə qoşulan 971 km uzunluğunda Cənubi Qafqaz boru kəməri ilə adı çəkilən ölkələrə, şimal istiqamətində isə Mozdok-Qazıməmməd boru kəməri ilə Rusiyaya hər il milyardlarla kubmetr Azərbaycan qazı ixrac edilir.


Hazırda “Şahdəniz” yatağından “Faza-1” layihəsi çərçivəsində hər il 8,6 – 9 milyard kubmetrədək qaz hasil olunur. “Faza-2” layihəsinin həyata keçirilməsi ilə illik qaz hasilatı 25 milyard kubmetrə çatdırıla bilər.


Daha sonra akademik Xoşbəxt Yusifzadə və onun həmkarları Azərbaycanın böyük qaz epopeyasının “Ümid” fəslini yazmağa başladılar.
Uzun fasilədən sonra Xəzərin Azərbaycan sektorundakı “Umid” strukturunda yenidən axtarış-kəşfiyyat işlərinə başlanması 2010-cu ilin noyabrında burada iri qaz-kondensat yatağının kəşfi ilə nəticələndi. Bu yataq Azərbaycanın müstəqilliyi illərində ARDNŞ-nin öz gücü ilə kəşf etdiyi ilk yataqdır. Burada suyun dərinliyi 58 metr olan sahədə stasionar dəniz özülünün quraşdırılmasından tutmuş dərinliyi 6006 metr olan kəşfiyyat quyusunun qazılmasınadək bütün işləri ARDNŞ-nin özü görüb. İlkin hesablamalara görə, “Ümid” strukturunun karbohidrogen ehtiyatları 200 milyard kubmetr qazdan və 40 milyon ton kondensatdan ibarətdir.


“Ümid”dən sonra daha mühüm bir hadisə baş verdi. Cənubi Xəzər neftli-qazlı hövzəsinin Abşeron arxipelaqında, Bakı şəhərindən 85-100 km şərqə doğru dənizin dərinliyi 350-550 m olan sahədə yerləşən “Abşeron” blokunda iri qaz yatağı aşkar edildi. Bu, 2009-cu il fevralın 27-də ARDNŞ-nin Ortaq Neft Şirkəti ilə Fransanın “Total” və “Gaz de France” şirkətləri arasında imzalanmış Hasilatın Pay Bölgüsü Sazişinin gözəl bəhrəsi oldu.


Respublikanın qaz ehtiyatlarının artırılmasının böyük perspektivləri vardır. Yalnız işlənmədə olan AÇG yatağında məhsuldar qatın alt çöküntülərinin 200-250 milyard kubmetr həcmində qaz ehtiyatı vardır. Xoşbəxt müəllimin fikrincə, Azərbaycanda 2 trilyon 550 milyard kubmetr həcmində təsdiq olunmuş qaz ehtiyatı mövcuddur. Gələcəkdə “Babək”, “Naxçıvan”, “Zəfər”, “Məşəl”, “Araz”, “Alov”, “Şərq”, “Şəfəq”, “Asiman” strukturlarında aparılan kəşfiyyat işləri bu ehtiyatları daha da artırmağa və 2025-ci ildə qaz hasilatını 50 milyard kubmetrə çatdırmağa imkan verəcəkdir.


X.Yusifzadə deyir ki, Heydər Əliyev işinin uğurla davam etdirilməsi, onun yeni neft strategiyasının həyata keçirilməsi sahəsində prezident İlham Əliyevin rəhbərliyi ilə irəliyə doğru atılan addımlar Azərbaycandakı böyük quruculuğun rəhnidir. 2011-ci ilin noyabrında kütləvi informasiya vasitələri üçün müsahibələrinin birində cənab İlham Əliyevlə tanışlığının tarixini o, belə xatırlamışdır: “Cənab İlham Əliyevlə mənim tanışlığımın artıq 18 illik bir tarixi vardır. Azərbaycan Respublikası prezidentinin 30 aprel 1994-cü il tarixli Sərəncamı ilə o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti təyin edildi və mən də onunla o vaxt tanış oldum. O zaman bəziləri kimi mənə də elə gəlirdi ki, əvvəllər neft sənayesi kimi nəhəng bir yanacaq kompleksi ilə məşğul olmayan bir adam üçün belə mürəkkəb və qəliz bir sahənin problemlərindən baş çıxarmaq çətin olacaq. Lakin mənə və həmkarlarıma bu da məlum idi ki, İlham müəllim Moskva Beynəlxalq Münasibətlər İnstitutunu müvəffəqiyyətlə bitirmiş, alimlik elmi dərəcəsi almış və özü də həmin institutda dərs demişdir. Təbii ki, bunlar onun güclü elmi və praktiki potensialından, insanlarla işləmək bacarığından xəbər verirdi.


İş elə gətirdi ki, 1994-cü ilin iyul-sentyabr aylarında biz işçi qrupunun tərkibində Amerikanın Hyuston şəhərinə birgə getdik və orada sonralar “Əsrin Müqaviləsi” adlanan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi prinsiplərinə dair danışıqlara başladıq. Danışıqlar prosesi və gərgin iş rejimi bu danışıqların hər bir iştirakçısının peşəkarlıq səviyyəsini, son dərəcə məsul bir işə münasibətini açıq-aydın göstərirdi.


Müdriklər doğru deyiblər ki, ağıl yaşda deyil, başdadır. Həmin o doxsan dördüncü ildə kifayət qədər gənc olmasına baxmayaraq, İlham Əliyev çox səriştəli bir mütəxəssis olduğunu göstərdi. Onun danışıqlar zamanı yaranan mürəkkəb vəziyyətlərdən çıxış yollarını tapması, gərginliyi aradan qaldırmaq məharəti bizə çox kömək edir, bizi daha qətiyyətli və inamlı olmağa ruhlandırırdı. Bilirsiniz, o vaxt bəzən elə bir vəziyyət yaranırdı ki, xarici dövlətlərin nümayəndələri danışıqları dayandırırdılar. Məsələn, onlar Xəzərin statusu məsələsi həll olunmayınca, danışıqları bərpa etməkdən imtina etdilər. O zaman İlham müəllim ümummilli liderimiz Heydər Əliyevlə əlaqə saxladı, onun göstərişi ilə Vaşinqtona uçdu. Orada səlahiyyətli şəxslərlə görüşdü, onların razılığını aldı, məsələnin həllinə nail oldu və danışıqlar prosesi tez bir zamanda başa çatdırıldı. Sonra “Əsrin Müqaviləsi” imzalandı. İndi hər dəfə həmin günləri xatırlayanda öz-özümə deyirəm ki, bizi “Əsrin Müqaviləsi”nə və sonrakı mühüm sazişlərə gətirib çıxaran danışıqlar hamımız üçün çox böyük bir məktəb, bənzərsiz bir həyat universiteti oldu, danışıqların iştirakçıları qarşısında geniş üfüqlər açdı və onların gələcək karyerasını müəyyən etdi. Cənab İlham Əliyev Azərbaycan Respublikasının prezidenti oldu və ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı olduğunu öz fəaliyyəti ilə parlaq şəkildə nümayiş etdirdi”.


Haşiyə: 2005-ci ildə Xoşbəxt müəllim Prezident İlham Əliyevin yanında vaxtaşırı keçirilən müşavirələrin birinə dəvət edildi. İyun ayının 21-i idi. Prezidentin sədrlik etdiyi müşavirənin birinci yarısında ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuşdu. Müşavirədə çıxış edən nazirlər rəhbərlik etdikləri sahələrdə görülən işlər barəsində hesabat verib, sosial-iqtisadi inkişafın mənzərəsini konkret faktlar və rəqəmlərlə əks etdirdilər. Prezident X.Yusifzadəyə də söz verdi. Xoşbəxt müəllim neft sənayesindəki yeniliklər barədə məlumat verdi, prezidentin neft və qaz hasilatı ilə bağlı suallarına aydınlıq gətirdi. ARDNŞ işçilərinin sosial problemlərinin həll edilməsi üçün görülən işlərdən danışanda isə çıxışını belə bir sonluqla bitirdi: “Bir məsələni də demək istəyirəm. Sovet vaxtında “Əməkdar geoloq”, “Əməkdar mühəndis”, “Əməkdar inşaatçı” adları var idi. Mənim özümün hamısı – “Əməkdar mühəndis”, “Əməkdar geoloq” adlarım var. Amma bəs indikilər? İndi mən ağsaqqal deməsəm, bunu kim deyəcək? Hamısını demirəm, heç olmasa “Əməkdar mühəndis” adını bərpa edək. Bu adı maşınqayıranlara da vermək olar, neftçilərə də vermək olar, qaz sənayesi işçilərinə də vermək olar. Sonra, prezident təqaüdü. Bizdə görün, nə qədər işləyənlər var. Bir dəfə dediniz, 20 adamın adını yazdıq, 4 nəfərə təqaüd verdiniz. Buna görə də çox sağ olun, amma azdır. Bizim 60 minlik kollektivimiz var. 4 nəfər azdır. Bunu da nəzərə almağınızı Sizdən xahiş edirəm”.


Dövlət başçısı müşavirəyə yekun vurdu, tapşırıqlarını verdi. Müşavirənin iştirakçıları Prezident Aparatını tərk etdilər. Xoşbəxt müəllim işə qayıtdı. Müəssisələrlə və şirkət aparatının müvafiq qurumları ilə əlaqə saxlayıb, son məlumatları dinlədi və bəzi sənədləri nəzərdən keçirməyə başladı.


Televizor işləyirdi. AzTV-nin “Xəbərlər” proqramı başlananda gözlərini sənədlərdən ayırdı. Proqramın aparıcısı həmin gün dövlət başçısının yanında keçirilmiş müşavirə barəsində məlumat verdikdən sonra rəsmi xəbərlərin oxunuşunu davam etdirəndə qulaqlarına inanmadı. Onu hədsiz təəccübləndirən və qəlbən sevindirən xəbər bundan ibarət idi ki, Prezident İlham Əliyev texnikanın inkişafı və tətbiqində böyük nailiyyətlər qazanmış şəxslərin əməyinin qiymətləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının fəxri adları haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli 706 nömrəli Fərmanına əlavə və dəyişiklik edilməsi barədə Fərman vermiş və beləliklə də “Əməkdar mühəndis” adı fəxri adlar sırasında öz layiqli yerini yenidən tutmuşdur. Bu fərman prezidentin diqqətcilliyi və operativliyinin, onun neftçilərə qayğısının daha bir nümunəsi oldu.


Dünya miqyasında tanınmış mütəxəssis

Şərəfli bir ömür və böyük əmək yolu keçmiş Xoşbəxt Yusifzadə ümid çıraqlarının repressiya küləkləri ilə söndürüldüyü 30-cu illərdə dünyaya gəlmiş, barıt qoxulu 40-cı illərin çörək talonları ilə böyümüş və 50-ci illərdə əmək cəbhəsinə atılmış bir nəslin nümayəndələrindəndir. Bu nəslin Sabit Orucov, Süleyman Vəzirov, Bəxtiyar Məmmədov, Azad Mirzəcanzadə, Midhət Abasov, Bəhmən Hacıyev, Ələkbər Süleymanov, Qurban Abbasov, Əli Əmirov, Nəsrulla Babayev, Fuad Səmədov kimi məşhurlarını o, “Ömrümün illəri və izləri” kitabında böyük ehtiramla yad etmişdir. Bu faktın özü də müasirlərimiz üçün gözəl örnək, ibrətamiz nümunədir və Xoşbəxt müəllimi heç kəsi və heç nəyi unutmayan, qədirbilən və qədri bilinən bir ziyalı kimi yaxşı xarakterizə edir.


X.Yusifzadə xarici neft mütəxəssisləri ilə əməkdaşlığa daim böyük əhəmiyyət vermişdir. Uzun illər o, Amerika, Böyük Britaniya, Rusiya, Fransa, İtaliya, Almaniya, Yaponiya, Kanada, Türkiyə, İran və bir sıra başqa ölkələrin neft şirkətləri ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərmişdir və hazırda bu işi davam etdirməkdədir.


Böyük həyat yolunun ayrı-ayrı mərhələlərində tale X.Yusifzadəni dövlət və hökumət rəhbərləri, yüksək vəzifə sahibləri ilə çox görüşdürmüşdür. 1960-cı ildə Neft Daşlarında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi N.S.Xruşşovla, 1968-ci ildə Türkiyənin baş naziri olmuş Süleyman Dəmirəllə, 1976-cı ildə SSRİ Nazirlər Sovetinin sədri A.N.Kosıginlə, 1978-ci ildə Qum adası neft və qazçıxarma idarəsində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi L.İ.Brejnevlə, 2002-ci ci ildə İran prezidenti Məhəmməd Xatəmi ilə, 2007-ci ildə Rusiya prezidenti V.V.Putinlə və başqaları ilə görüşlərdə o, Azərbaycanın neftçilər ordusunu layiqincə təmsil etmişdir.


Haşiyə. 2007-ci li oktyabrın 16-da İran İslam Respublikasının paytaxtı Tehranın “Sədabad” sarayında Xəzəryanı dövlətlərin başçılarının ikinci zirvə görüşü keçirildi. Burada Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan prezidentlərinin – İlham Əliyev, Mahmud Əhmədinejad, Viadimir Putin, Nursultan Nazarbayev və Qurbanqulu Berdımühəmmədovun rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edirdilər.


Zirvə görüşünün açılış mərasimində söz Azərbaycan prezidentinə verildi. Çıxışında bir sıra mühüm məsələlərə toxunan İlham Əliyev dedi: “1970-ci ildən başlayaraq Sovet İttifaqı dağılana qədər Xəzər dənizində cənubdan şimala kimi (İranla sərhəddə Astara-Həsənqulu xəttindən şimalda Həştərxana kimi) bütün geoloji-kəşfiyyat işlərinin aparılması və eləcə də neft-qaz yataqlarının işlənməsi Azərbaycan neftçilərinə tapşırılmışdı. Bununla əlaqədar olaraq, hələ o vaxt, yəni 1970-ci ildə, SSRİ-nin Neft Sənayesi Nazirliyi tərəfindən Xəzər dənizinin dibi sektorlara bölünmüşdü. O vaxt aparılan bu bölgünün şahidlərindən biri, cənab akademik Xoşbəxt Yusifzadə başçılıq etdiyim nümayəndə heyətinin tərkibində iştirak edir. Onun haqqında bir neçə söz demək istərdim. O, nəinki Azərbaycanda və keçmiş Sovet İttifaqında, eləcə də dünya miqyasında tanınmış mütəxəssisdir. Azərbaycanda bizimlə iş aparan xarici şirkətlər kəşfiyyat quyularının yerini seçərkən onunla məsləhətləşmələr aparıblarsa, bu quyulardan mütləq neft və ya qaz alınıb, əks təqdirdə quyular ya su veriblər, ya da boş olublar…”


Zirvə görüşündə Rusiya prezidenti Vladimir Putin də çıxış etdi. O, Xəzəryanı ölkələr üçün böyük əhəmiyyət kəsb edən transxəzər neft-qaz kəmərlərinə münasibətini də bildirərək dedi: “Xəzər dənizinin dibi mürəkkəb seysmik zona kimi xarakterizə olunduğuna görə, burada tez-tez zəlzələlər baş verir, bu isə kəmərlər üçün müəyyən təhlükə yaradır və kəmərlərdə baş verə biləcək qəzalar Xəzərin ekologiyasına mənfi təsir göstərə bilər”.


X.Yusifzadədə bu sözlər təbəssüm doğurdu. Ürəyindən keçdi ki, Putinlə danışmaq pis olmazdı; böyük bir dövlətin – Azərbaycanın şimal qonşusunun rəhbəridir və həqiqəti bilsə yaxşıdır.


Fasilə elan edildi. Xoşbəxt Yusifzadə prezident İlham Əliyevə yaxınlaşıb, transxəzər neft və qaz kəmərləri haqqında Rusiya prezidentinin fikri ilə razılaşmadığını dedi. Azərbaycan prezidentinin cavabı gözlənilməz oldu:


Gəlin, Sizi Vladimir Putinlə tanış edim, fikirlərinizi onun özünə şəxsən bildirin.


Sonra da üzünü Rusiya prezidentinə tutub dedi:


Vladimir Vladimiroviç, Sizi akademik Xoşbəxt Yusifzadə ilə tanış etmək istəyirəm. Çıxışımda mən onun barəsində danışırdım.


Vladimir Putin gülümsəyib, “Çox şadam”, – dedi və Xoşbəxt müəllimin əlini sıxdı. İndi sözə başlamaq olardı.


Vladimir Vladimiroviç, Sizin 55 yaşınız tamam olub. Bu münasibətlə Sizi təbrik edirəm. Deməliyəm ki, mənim dənizdə iş stajım da 55 ildir.
Xoşbəxt Yusifzadənin dediklərini təbəssümlə və maraqla dinləyən Putin staj məsələsini dəqiqləşdirmək istədi.


Demək istəyirsiniz ki, düz mənim yaşım qədərdir.


Xoşbəxt Yusifzadə isə sözünə davam edib, mətləb üstünə gəlməyə tələsdi.


1960-cı ildə Neft Daşlarında mən Sov. İKP MK-nın Birinci Katibi Nikita Sergeyeviç Xruşşovla görüşmüşəm, sonralar “Qum adası” yatağında Sov. İKP MK-nın Baş Katibi Leonid İliç Brejnevlə görüşmüşəm, Moskvada SSRİ Nazirlər Sovetinin sədri Aleksey Nikolayeviç Kosıginin qarşısında çıxış etmişəm, eləcə də keçmiş İttifaqın bir çox başqa rəhbərləri ilə görüşmüşəm. İndi də çox şadam ki, Sizinlə görüşmək imkanı yarandı. Mən artıq Sizə dedim ki, dənizdə 55 illik iş stajım var və bu müddətdə mənim təcrübəmdə heç elə bir iş olmayıb ki, dənizin dibində zəlzələdən boru kəməri qırılıb dağılsın.


Vladimir Putin Azərbaycan prezidentinin onu Xoşbəxt Yusifzadə ilə nə məqsədlə tanış etdiyini yəqin ki, artıq başa düşmüşdü. Odur ki, gülə-gülə dedi:


– Sovet boruları çox möhkəm idi.


– Xoşbəxt müəllim cavab verdi:


– Borular indi də zəif deyil.


Bütün həyatı Xəzərlə bağlı olan bir neftçi-alim kimi X.Yusifzadə fikrini – həqiqəti Rusiya prezidentinə belə çatdırdı.


Onun xidmətləri dünyada yüksək qiymətləndirilir

2009-cu il noyabrın 5-də əfsanəvi Neft Daşlarının 60 illiyi qeyd olundu. Təntənəli yubiley mərasimində dəniz neftçiləri tərəfindən hərarətlə qarşılanan respublika prezidenti İlham Əliyev də iştirak etdi.


2005-ci ildən sonra Neft Daşlarında görülmüş işləri yüksək qiymətləndirən, bu bənzərsiz dəniz şəhərini “çox gözəl bir inkişaf nümunəsi” adlandıran prezident neftçilərin dəstəyini daim hiss etdiyini bildirdi. Təntənəli mərasimdə çıxış edən akademik X.Yusifzadə prezidentə müraciətlə dedi: “Bütün neftçilər Sizinlə fəxr edir. Biz Sizin arxanızda dağ kimi dayanmışıq. Nə vaxt, harada, hansı istiqamətdə bizim köməyimiz lazım olsa, mən bunların, təkcə bunların yox, – mən indi yaşlıyam, neft sənayesində ola bilsin məndən yaşlı 1-2 nəfər var ya yoxdur, – hamısının adından söz verirəm ki, biz Sizin arxanızca gedəcəyik və bütün işlərinizdə Sizə kömək edəcəyik”.


Prezident İlham Əliyev mərasimin sonunda dəniz neftçilərini bir daha təbrik edərək dedi: “Bu gün Xoşbəxt müəllim həmişə olduğu kimi, çox gözəl və maraqlı çıxış etdi. Bizi çox maraqlı tarixi anlara qaytardı və qeyd etdi ki, mən adətən bölgələrə tez-tez gedirəm. Hər dəfə gedib, öz gözümlə tanış oluram, maraqlanıram, lazım olan göstərişləri verirəm və sonra qayıdıb yoxlayıram. Amma Xoşbəxt müəllim bir məsələni qeyd etmədi: bu gün biz avtobusla Neft Daşları ilə tanış olarkən mən qeyd etdim ki, keçən dəfə burada gördüklərim bu gün tam başqa mənzərədir. Yəni beş il ərzində böyük fərq, böyük irəliləyişlər vardır. Hələ mən vertolyotla bura yaxınlaşanda gördüm ki, binalar təmir olunub, gözəl parklar salınıb, gözəl məişət obyektləri tikilib. Xoşbəxt müəllimə dedim ki, inşallah, 5 il bundan sonra da gələcəyəm, çox güman ki, daha da yaxşı dəyişikliklər olacaqdır. Xoşbəxt müəllim də dedi ki, indi 5 il bundan sonra mən nə olacağam, bilmirəm. Dedim ki, elə şey yoxdur, siz olmasanız, mən gəlməyəcəyəm. Beş il bundan sonra burada növbəti yubileyi bərabər qeyd edəcəyik”.


2010-cu ildə akademik Xoşbəxt Yusifzadənin həyatında daha bir əlamətdar hadisə baş verdi. Onun 80 illik yubileyi Prezident İlham Əliyevin, ölkəmizin birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun sülhməramlı elçisi, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə qeyd olundu. Respublikanın dövlət və hökumət rəhbərlərinin, Milli Məclis üzvlərinin, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, xarici neft şirkətləri rəhbərlərinin, elm, mədəniyyət və incəsənət xadimlərinin də iştirak etdikləri yubiley mərasimində prezident İlham Əliyev Azərbaycanda neft sənayesi və elminin inkişafında böyük xidmətlərinə görə yubilyarın layiq görüldüyü “Şərəf” ordenini təqdim edərək, neft işinin korifeyini səmimi təbrik etdi. Prezident X.Yusifzadəyə müraciətlə dedi: “Siz böyük insansınız, böyük alimsiniz. Azərbaycan dövləti Sizi yüksək qiymətləndirir. Siz buna layiqsiniz. Sizin tərəfinizdən, Sizin rəhbərliyinizlə kəşf edilmiş yataqlar Azərbaycanın çiçəklənməsinə xidmət edir”. Prezident “Əsrin Müqaviləsi”nin, daha sonra “Şahdəniz” yatağı üzrə kontraktın imzalanmasında, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının həyata keçirilməsində X.Yusifzadənin iştirakını xatırlayaraq dedi ki, “Heydər Əliyev Sizə həmişə inanırdı, mən də Sizə həmişə inanmışam… Bizi on beş ildir ki, şəxsi səmimi münasibətlər bağlayır, bu səmimi münasibətlər bu gün də davam edir”.


X.B.Yusifzadənin Azərbaycanda və Xəzər dənizində neft və qazçıxarmanın inkişafına verdiyi töhfələr, neft-qaz yataqlarının mənimsənilməsində və bu işin elmi əsaslarının inkişafında fəaliyyəti müstəqil Azərbaycanın üç ali ordeni ilə yanaşı, onun keçmiş SSRİ dönəmində layiq görüldüyü iki “Qırmızı Əmək Bayrağı” (1963-cü və 1976-cı illərdə), “Şərəf Nişanı” (1971-ci ildə) ordenləri ilə, bir sıra medallar və fəxri fərmanlarla qiymətləndirilmişdir. Ona “SSRİ-nin Fəxri neftçisi” (1970-ci il), “Yer təkinin Fəxri kəşfiyyatçısı” (1985-ci il), “Azərbaycan SSR-in Əməkdar Mühəndisi” (1964-cü il) və “Azərbaycan Respublikasının Əməkdar Mühəndisi” (2006-cı il) fəxri adları verilmişdir.


X.B.Yusifzadə iki dəfə Azərbaycan SSR-in Dövlət mükafatına (1982-ci və 1991-ci illərdə) layiq görülmüşdür.


2007-ci ilin aprelində X.B.Yusifzadə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.


X.B.Yusifzadə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, Rusiya Beynəlxalq Mühəndislər Akademiyasının fəxri akademiki, ARDNŞ-nin Elmi-Texniki Şurasının sədri, “Azərbaycan MEA-nın Xəbərləri” jurnalının yer elmləri bölməsi və “Azərbaycan Neft Təsərrüfatı” jurnalının Redaksiya Heyətlərinin üzvü, Azərbaycan Geofizikləri Milli Komitəsinin, Amerika Neftçi-Geoloqları Assosiasiyasının, Azərbaycan Neftçi-Geoloqları Cəmiyyətinin, Avropa Alim-Geoloqları və Mühəndisləri Assosiasiyasının üzvüdür.


Onun xidmətləri xarici ölkələrdə də yüksək qiymətləndirilmişdir. Neft sənayesinin inkişafına töhfələrinə görə 2007-ci il martın 27-də Bakının Gülüstan sarayında ona Xəzər İnteqrasiya İşgüzar Klubunun (CİBC) “Caspian Energy İntegration Award” mükafatı təqdim edilmişdir.


Neft sənayesinin inkişafında və Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə akademik Xoşbəxt Yusifzadə 2008-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Qızıl Ulduz” medalı ilə təltif edilmişdir.


2009-cu il fevralın 4-də isə Akademiyanın qərarı ilə o, 2008-ci ilin yekunlarına görə “İlin alimi” elan olunmuşdur. Akademiyanın Beynəlxalq Mükafat Komitəsinin 25 noyabr 2011-ci il tarixli qərarı ilə Türk Dünyası elminə, təhsilinə və iqtisadiyyatına böyük xidmətlərinə görə X.B.Yusifzadə “Türk Dünyasının Fəxri Alimi” beynəlxalq mükafatına layiq görülmüşdür.


2009-cu ildə X.B.Yusifzadə Azərbaycan Kütləvi İnformasiya Vasitələri işçiləri Həmkarlar İttifaqının “İnam” şərəf diplomuna, “Qızıl qələm” və “Fəzilət” media mükafatlarına layiq görülmüşdür.


Neft hasilatında nanotexnologiyanın inkişafı və tətbiqi sahəsində görkəmli xidmətlərinə görə 2010-cu ildə X.B.Yusifzadə ARDNŞ-nin bir qrup mütəxəssisi ilə birlikdə YUNESKO-nun medalına layiq görülmüş, adı bu beynəlxalq təşkilatın ensiklopediyasına daxil edilmişdir.


Yuxarıda qeyd etdiyimiz kimi, X.Yusifzadənin elmi-tədqiqat işləri, neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi sahəsində nailiyyətləri sərhədsizdir. Bu böyük alimin rəhbərliyi və bilavasitə iştirakilə bir sıra yeni üsulların və mütərəqqi metodların istehsalatda tətbiqi nəticəsində Xəzər dənizində 20-dən artıq neft və qaz-kondensat yatağı kəşf edilmişdir. Bunlardan Xəzərin Azərbaycan sektorunda “Bahar”, “Səngəçal-dəniz – Duvannı-dəniz – Xərə- Zirə adası”, “Xərə-Zirə-dəniz” (Bulla dəniz), “Kəpəz”, “Əşrəfi”, “Qarabağ”, bütün dünyada məşhur olan “Günəşli”, “Çiraq”, “Azəri”, nəhəng “Şahdəniz”, iri “Abşeron”, eləcə də 2010-cu ildə ARDNŞ-nin müstəqillik illərində öz gücü ilə açdığı “Ümid” yatağının, Xəzərin Rusiya sektorunda İnçxe-dəniz, Qazaxıstan sektorunda Rakuşeçnaya və Türkmənistan sektorunda LAM (indiki Ceytun), Livanov (indiki Məhtimqulu), Priçelekenski kupol (indiki Çələkən-kumbəz), Barinov (indiki Diyarbəkir) və Qubkin Bankası (indiki Qaragöl-dəniz) yataqlarının kəşf olunmasında onun əvəzedilməz rolu olmuşdur.


Göründüyü kimi, harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq, X.B.Yusifzadə elmi işdən ayrılmamış, istehsalatla tədqiqat işlərini məharətlə uzlaşdırmışdır. Onun elmi məqalələri, fundamental monoqrafiyaları bu gün neftçi-geoloqların, ali məktəblərin müvafiq fakültələrində mühazirə oxuyan müəllimlərin və təhsil alan tələbələrin stolüstü kitablarıdır. Xoşbəxt müəllimin yuxusuz gecələrinin bəhrəsi olan bu əsərlər xarici ölkələrin neft mütəxəssislərinin də diqqətindən yayınmır.


Hacı Ələkbər  Abbasov-Şəhrili,
əməkdar jurnalist