Qulu Məhərrəmli Ələkbər Şəhrili haqqında

Kim nə deyir desin, jurnalistika çox ağır sahədir.

Təkcə ona görə yox ki, çox zəhmət çəkmək, xeyli yazıb-pozmaq, hansısa faktı dəqiqləşdirmək üçün əlləşmək, həqiqəti araşdırmaq üçün nə qədər şeyi ələk-vələk etmək, istədiyin yaxşı bir yazını ərsəyə gətirməkdən ötrü yuxusuz gecələr keçirmək lazımdır. Həm də ona görə ki, bu peşənin daşıyıcısı çox çevik, intellektual, mütaliəli və bütün bunlarla yanaşı, həm də ləyaqətli insan olmalıdır. Bax bu, axırıncı keyfiyyət, yəni ləyaqət söhbəti olmasaydı, bəlkə də qələm və söz sahiblərini bir-birindən fərqləndirmək xeyli çətinləşərdi. Təəssüf ki, jurnalistikada bütün peşə bacarıqları ilə yanaşı, həm də bu bacarıqlara işıq salan, insana dolğun bir mahiyyət verən ləyaqət heç də hamıda olmur. Bu gün Azərbaycan jurnalistikasında adı hər yerdə və həmişə hörmətlə çəkilən belə ləyaqətli və peşəkar qələm sahiblərindən biri Ələkbər Abbasovdur.  

* * *

Mən çox az jurnalist tanıyıram ki, Ələkbər Abbasov qədər həm yazılı mətbuatda, həm də televiziya və radio sahəsində eyni dərəcədə samballı uğurlar qazanmış olsun. Jurnalistikanın hər iki boyunda vicdanla külüng çalmış Ə.Abbasov publisistika tariximizdə iz qoymuş məqalələrin, maraqlı reportajların, aktual yazıların, araşdırma materiallarının, verilişlərin, sənədli filmlərin və ciddi maraq doğuran kitabların müəllifidir. Çoxlarının hafizəsində Ə.Abbasov xoş aurası olan bir televiziya aparıcısı və istedadlı şərhçi kimi hələ də qalmaqdadır.

Onunla üzbəüz tanışlığım tələbə vaxtımdan başlayıb. Dördüncü kursda oxuyanda bizi Azərbaycan Televiziyasının “Günün ekranı” xəbərlər proqramına istehsalat təcrübəsinə göndərmişdilər. Əvvəlcə baş redaktor Ənvər Qafarlı bizi xoş əhvalla qarşılayıb televiziyada xəbər işinin ağırlıqlarından, bəzi özəlliklərdən və jurnalist məsuliyyətindən danışdı. Sonra da həmin gün proqram üçün məsul olan şəxsi – baş redaktorun müavini Tofiq Axundovu çağırıb bizlərə diqqət göstərməsini tapşırdı. Ertəsi gün hərəmizə bir tapşırıq verib çəkilişə göndərdilər.

Tələbə adamıydıq, hərəmiz öz bacarığımıza uyğun səviyyədə bir süjet hazırlayıb təqdim etdik. O vaxt qayda belə idi ki,  əvvəlcə mətni yazıb redaktora göstərməli, onun icazəsindən sonra montaj etməli idin. Mənim mətnimi Tofiq Axundov çox diqqətlə oxuyur və arada bəzi şeyləri dəqiqləşdirmək üçün suallar verirdi. Bir məqamda balaca mübahisə yarandı və mən “tələbə də bir şey bilir” məntiqi ilə özümü müdafiə etməyə  çalışdım, deyəsən bir az da böyük danışdım. Təbiətcə mülayim və zarafatcıl adam olan Tofiq müəllim mənim dirəniş göstərdiyimə işarə vuraraq “sən lap bizim Ələkbər Abbasov kimi danışırsan” deyə ürəkdən güldü. Təbii ki, ad mənə maraqlı göründüyündən onun kimliyini soruşdum. Tofiq müəllim “darıxma, ezamiyyətdədir, birinci gün gələr, görərsən” dedi.

Bir neçə gündən sonra Ələkbər Abbasov işə çıxdı. O, “Xəbərlər” redaksiyasında baş redaktorun iki müavinindən biri idi. İlk müşahidə etdiyim o oldu ki, bu  adamın gəlişi ilə otaqda canlanma yarandı, böyüklü-kiçikli hamı özünü yığışdırdı. Sən deyən, elə bir zəhmi və  inzibatçı davranışı yox idi, amma hamı ondan bir az çəkinir, amma çox hörmətlə yanaşırdı, redaktorlar da, operatorlar da, diktorlar da. Kim nəyi bilmirdisə, Ələkbər müəllimdən soruşurdu, o da təmkinlə, rahat-rahat hamının suallarına cavab verirdi…

Sonra onu ekranlarda gördüm, verilişlərini, süjetlərini izləməyə başladım, olduqca maraqlı mövzular seçir, xeyli cazibədar ifadə tərzləri və təqdimat üsulları tapır, haqqında danışdığı məsələni anlatmaq üçün çox oynaq formalardan istifadə edirdi. O, bir-birindən maraqlı süjetləri ilə  hamını, o cümlədən də biz tələbələri heyrətləndirməyi bacarırdı. Bir dəfə onun “Şənbə reportajında” ovçulardan bəhs edən bir süjetinə baxdım, çəkilişlər çox qeyri-adi idi, Ələkbər müəllimin öz səsi ilə oxuduğu mətn də adamı ovsunlayırdı. Televiziya yaradıcılığına hələ az bələd olan bir adam kimi onun gölün ortasında etdiyi stəndapı necə çəkməsi üzərində xeyli baş sındırası oldum. Düzünü deyim ki, o vaxt bu səviyyədə bir jurnalisti görəndən sonra özümün də nə vaxtsa babat bir reportyor olacağıma xeyli şübhələrim yaranmışdı. Yaxşı ki, Ələkbər müəllim bizi ruhlandırır, maraqlı süjetlər hazırlamağa həvəsləndirirdi, “daim axtarın, müşahidəniz iti olsun, hər şeydə nəsə bir qeyri-adilik tapın, onda tamaşaçı sizin materiala baxacaq” deyirdi. Onun xəbərə yanaşması da mənim üçün maraqlı idi. Hələ Sovet dövründə belə bir fikri tez-tez vurğulayırdı ki, informasiya bizə xoş gəlmirsə, deməli, bu təbliğatdır. Sonralar – 90-cı illərin əvvəllərində dediyi bir aforizm də yadımdan çıxmır: jurnalistika siyasətə xacəlik etməli deyil.  

 * * *

Ələkbər Abbasov telejurnalistika tariximizdə parlaq iz qoymuş, danılması mümkün olmayan xidmətlər göstərmiş ustad jurnalistlərdəndir. Ötən əsrin 60-80-cı illərində telepublisistikamızın formalaşması və inkişafı, xüsusən Azərbaycan Televiziyasında reportyorluq peşəsinin formalaşması məhz onun adı ilə bağlıdır. Mənim üçün o, televiziyamızın ilk peşəkar reportyorudur. Saysız-hesabsız  analitik verilişlərin, sənədli publisistik proqramların, ciddi araşdırmaların, problem mövzulara həsr olunmuş söhbətlərin, tənqidi  süjetlərin, sənədli filmlərin müəllifidir. 

Televiziyaya gəldiyi ilk gündən onun istedadı hamının diqqətini cəlb edib. Yeni düşüncə tərzi, intellektual səviyyəsi, işgüzarlığı, böhran anında dəqiq qərar vermək qabiliyyəti onu başqalarından fərqləndirib. Buna görə də, 24 yaşında Ə.Abbasovu televiziya işinin ürəyi sayılan “Proqram” redaksiyasına baş redaktor təyin ediblər. Elə bu yaşından başlayaraq o, Valid Sənani, Sabutay Quliyev kimi peşəkarlarla yanaşı canlı  futbol reportajları da aparmağa başlayıb. Onun həm futbolu, həm də dilin incəliklərini gözəl bilməsi, üstəlik ürəyəyatımlı səsi və diksiyası o vaxt tamaşaçılarda başqa bir ovqat yaradırdı. Bu yaxınlarda mən Ələkbər müəllimin “şərhçilər haqqında şərh” məqaləsini oxuyanda bu ovqatın nədən ibarət olduğunu təxminən anlaya bildim.

Müəyyən bir müddətdə Ə.Abbasovla eyni baş redaksiyada çalışmaq fürsətim olub. Onun intellektindən, adamlarla davranışından, redaktəsindən, veriliş hazırlama tərzindən çox şey öyrənmişəm. Redaktə zamanı onun bir sözü dəyişməklə mətnə necə aydınlıq gətirməsini, mətləbi daha dəqiq və dolğun ifadə etmək bacarığını sözlə ifadə etmək mümkün deyil. Onun hazırladığı bir çox verilişlər indi də gözümün qabağındadır: Mingəçevirdən silsilə reportajlar, Xəzər dənizinin ekoloji problemləri, “Üç axşam balıq haqqında” silsilə söhbətləri, istehlak malları niyə tapılmır, neft sənayesində israfçılıq, qaz itkisi nədən yaranır və başqa mövzularda apardığı araşdırmalar, sözün əsl mənasında, televiziya tariximizdə bir keyfiyyət mərhələsidir. Bu verilişlər həm forma, həm də məzmun baxımından, ekranda yeni yaradıcılıq ənənəsinin formalaşmasından xəbər verirdi.

Ə.Abbasov televiziyada çox vəzifələrdə çalışıb, baş redaktor və sədr müavini də olub, amma heç bir vəzifə onun xarakterini və prinsiplərini dəyişməyib. Daxilən dolğun, özünə inamı olan yetkin və kamil insanları heç bir vəzifə havası dəyişə bilməz. Hamı onu mənəviyyat adamı kimi tanıyıb, heç kimdən və heç nədən təmənnası olmayıb. Ələkbər müəllim öz ibrətamiz fəaliyyəti ilə hamıya sübut etdi ki, dürüst adam bütün şəraitlərdə elə dürüstdür. Hansı şəraitə düşməsindən asılı olmayaraq Ələkbər müəllim üçün mənəvi təmizlik bir  kredo olub. Televiziya adamı üçün, ekrana çıxan hər kəs üçün bu,böyük mənəvi gücdür.

Ələkbər müəllim zahirən sakit görünür, amma onun içində haqsızlığa, ədalətsizliyə qarşı həmişə bir üsyan var. Dilimizdə geniş işlənən “qabağından yeməmək” ifadəsi, sözün həqiqi mənasında Ələkbər Abbasova aiddir. O, hər vaxt həqiqət hesab etdiyinin müdafiəsinə qalxıb, heç nədən və heç kimdən qorxmayıb, sözünü deməkdən çəkinməyib, “birdən bunu desəm mənə ziyan dəyər” fikrini özünə yaxın buraxmayib. Əslində onun şəxsiyyətə çevrilməsində xarakterinin bu çaları da müəyyən rol oynayıb. Məhz bu kişi xarakterinə görə də hamının səmimi hörmətini qazanıb, xüsusən gənclərin sevimlisi olub, bir çox hallarda ümid yerinə çevrilib.

* * *

Ələkbər müəllim eyni uğurla da yazılı mətbuatda çalışıb, bir müddət “Bilik” cəmiyyətinin “Dalğa” qəzetini buraxıb, daha sonra mətbuat tariximizdə özəl yeri olan “Günay” qəzetinin baş redaktoru olub. Sanki elə qəzetçilik üçün doğulduğunu sübut edib. Zatən, o, elə qəzetdən də başlamışdı, hələ tələbə ikən ilk yazısı ölkənin ən nüfuzlu mətbu orqanı olan “Kommunist” qəzetində çap olunmuşdu. O vaxtlar çox həyəcanla oxunmuş həmin yazının adı belə idi: “Ürək döyüntüləri”. Ələkbər müəllim bu adı sanki özünün jurnalist taleyinin məramı kimi seçmişdi. Bu gün jurnalistikamızda onun ürək döyüntüləri çox aydın eşidilir…

Qulu MƏHƏRRƏMLİ
Professor

İlkin mənbə: 525.az