İşinin peşəkarı və təvazökar insan

Azərbaycanın tanınmış jurnalisti, öz sözü, dəst-xətti və yazıları ilə seçilən Ələkbər Ərşad oğlu Abasovun 80 yaşı tamam olur.

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da jurnalist peşəsi ciddi nüfuza və hörmətə malikdir. Ələkbər Abasov da Azərbaycan jurnalistika məktəbinin yetirməsi kimi uzun illər televiziya, qəzet və media sahəsində çalışmış belə nüfuzlu jurnalistlərdəndir. O, hələ gənc yaşlarından həyatını daim zehni zəhmət, bəzən xüsusi vərdiş və bilik tələb olunan məsuliyyətli bir peşə ilə bağlamış və 60 ildən artıqdır ki, bu şərəfli yoldadır.

Ələkbər Abasov 22 sentyabr 1940-cı ildə Bakıda dəmiryolçu ailəsində anadan olmuş, lakin atası Ərşad kişinin işi ilə əlaqədar uşaqlığı və yeniyetməliyi Qarabağda, Zəngilan rayonunda keçmişdir. Orada yaşadığı illərdə Qarabağ bölgəsinin mühiti gənc Ələkbərin gələcək həyatında xüsusi rol oynamış, onun sözə, ədəbiyyata, qəzet və media aləminə marağını daha da artırmışdır. Orta məktəbin yeddinci sinfini rayonda oxumuş, sonradan təhsilini Bakıda başa vuraraq 1957-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdur.

O zamandan başlayaraq Ələkbər Abasov çətin və daim məsuliyyət tələb edən, lakin uzun və maraqlı bir həyat yolu keçmişdir. Digər peşə sahələrindən fərqli olaraq peşəkar jurnalistin işi sözə və yazıya bağlıdır və cari mövzuya çevik reaksiya verərək onu vaxtında, düzgün və maraq doğura biləcək səviyyədə oxucuya çatdırmaqdır. Ələkbər müəllim məhz belə qələm sahibi, söz və media mənsublarındandır. Onun özünəməxsus dünyagörüşü, bilik və marağı təkcə ədəbi-bədii mühitlə məhdudlaşmır, eyni zamanda tarixi, ictimai-siyasi, texniki informasiya və başqa sahələrlə də həmişə maraqlanmış, yazmış və öz dəst-xətti ilə jurnalistika elminə böyük töhfələr vermişdir.

Ələkbər müəllim universiteti bitirdikdən sonra əmək fəaliyyətinə “Abşeron” qəzetinin məsul katibi kimi başlamış, 1963-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə dəvət olunmuş, 30 il ərzində burada redaktor vəzifəsindən Dövlət Televiziya və Radio Verilişləri şirkəti sədrinin müavini – televiziyanın informasiya və ictimai-siyasi proqramlar studiyasının baş direktoru vəzifəsinə qədər məsul vəzifədə çalışmışdır.

O vaxtilə Azərbaycanda ilk telereportyor və keçmiş Sovet İttifaqında ən gənc baş redaktor kimi tanınmış, işləməklə bərabər 1984-cü ildə Moskvada televiziya rəhbər işçilərinin ali ixtisasartırma kurslarını bitirmişdir.

1993-cü ildən “Dalğa” maarifçilik qəzetinin baş redaktoru, daha sonra o zamanlar fəaliyyət göstərən BMTİ televiziyası baş direktorunun müavini, müstəqil beynəlxalq “Günay” qəzetinin baş redaktoru, 1998-2000-ci illərdə isə ANS Müstəqil Yayım və Mediya Şirkətinin şef-redaktoru vəzifələrində çalışmışdır. Ələkbər müəllim 2000-ci ildə televiziya nominasiyasında “İlin jurnalisti” elan edilmişdir.

Ə.Abasovun Azərbaycan televiziyası və mətbuatında fəaliyyəti keçmiş SSRİ-nin medalları, respublika Jurnalistlər İttifaqının iki “Qızıl Qələm” mükafatı ilə, H.Zərdabi adına mükafatla qeyd edilmiş, ən yaxşı televiziya verilişlərinin Ümumittifaq müsabiqəsinin qaliblərindən biri kimi keçmiş SSPİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalına layiq görülmüşdür. Uzun və gərgin əməyiniz sayəsində 1988-ci ildə Ələkbər müəllim “Azərbaycan Respublikasının Əməkdar jurnalisti” fəxri adına layiq görülmüşdür.

O, iki bədii-publisistik kitabın, yüzlərlə teleradio verilişinin, ayrı-ayrı kitablarda və ölkə mətbuatında çap olunmuş yüzlərlə oçerk, reportaj və publisistik məqalənin müəllifidir. Bir neçə kitabın, o cümlədən televiziyanın nəzəriyyəsi və təcrübəsinə, Azərbaycan neft sənayesinin tarixinə dair sanballı tədqiqat əsərlərinin redaktoru olmuşdur.

Ələkbər müəllimin sonrakı əmək fəaliyyəti neft sənayesi ilə bağlı olmuşdur. O, 20 ilə yaxın Azərbaycan neftçilərin böyük və şanlı ailəsinin üzvü olmuş, 2000-2011-ci illərdə SOCAR-ın məxfi-rejim və hərbi səfərbərlik şöbəsinin rəisi, 2011-2019-cu illərdə isə birinci vitse-prezidentin müşaviri vəzifəsində fəaliyyət göstərmişdir.

Elə o zamandan mənim Ələkbər müəllimlə daha yaxından tanışlıq və dostluq münasibətlərim yaranmışdır. Neft sənayesinin müxtəlif sahələri üzrə onun dərin bilik və bacarıqlarından başqa, incə yumor hissinə malik olması, gərgin anlarda çevik və vaxtında reaksiyası daim ümumi işimizdən zövq almağa imkan verib. Biz hər hansı məsələni aydınlaşdırarkən, ciddi və məsuliyyətli münasibəti ilə yanaşı, daim həlim və mehriban xarakteri, gülərüzü və rahat olması yüksək insani keyfiyyətlərindən və böyük mənəvi dəyərlərə malik olmasından xəbər verir. Ələkbər müəllim köhnə kişilərə xas olan ağayana və ağsaqqal, olduğu kimi görünən səmimi və aqil insanların sırasında özünə yer tutmuş, dostları və tanışları arasında daimi hörmət və ehtiram qazanmışdır. Ələkbər müəllim neft sənayesində fəaliyyəti dövründə səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının “Tərəqqi” medalı, Şirkətin fəxri fərmanları və “Fəxri neftçi” döş nişanı ilə təltif edilmişdir.

Əminliklə demək olar ki, öz dəyərli fikirləri və təcrübəsi ilə SOCAR-ın son illərdə əldə etdiyi uğur və nailiyyətlərində Ələkbər müəllimin əmək payı danılmazdır.

Sadə və təvazökar, zəhmətkeş və daim işinə məsuliyyətlə yanaşan, şanlı ömür yolu keçmiş bir insan, qayğıkeş və gözəl ailə başçısı kimi Ələkbər müəllim yüksək mədəniyyəti ilə hamının rəğbətini və hörmətini qazanmış, həmişə işlədiyi kollektivlərin sevimlisi olmuşdur.

Əziz və hörmətli Ələkbər müəllimi SOCAR-da çalışan və onu tanıyan neftçi dostları adından şanlı yubileyi münasibətilə təbrik edir, bir daha hörmət və ehtiramımızı bildirir, üzün ömür, daim sağlam olmaq və firavan həyat yaşamaq arzulayırıq.

Ən səmimi arzularla,

Xoşbəxt Yusifzadə,

SOCAR-ın birinci vitse-prezidenti,
Akademik

İlkin mənbə: ikisahil.com

Arxiv: archive.vn