DAĞLAR

Ruhuna min rəhmət dədə Ələsgər…

Nədəndi, ürəyim çırpınır yenə,

Gördükcə hüsnündə məlalı, dağlar?!

Yağı cövlan edir, dağıdır yenə,

Qoynunda büsatı, cəlalı, dağlar!

* * *

De, çoxmu çəkərik zülüm-zilləti????

Movcud hal -vəziyyət üzür milləti,

Onsuz da düşmənin puçdu niyyəti,

Ordumun beşiyi, vüsalı, dağlar!

* * *

Dünya belə qalmaz, dəyişər zaman,

Yenə dövran olar, həmənki dövran,

Bulaqlar başında məclislər quran,

Oğullar ərsəyə gələli, dağlar!

* * *

Ustac bulud kimi dolub, ağlamır,

Köksünün yarası qaysaq bağlamır,

Bir bilsən ruhumu nələr çuğlamır,

Doğacaq nə zaman Hilalın, dağlar?!

07.05.1995. Marağa.

MüəllifZaur Ustac

DAĞLARIN
“Şuşanın dağları abı dumanlı,
Qırmızı koftalı, yaşıl tumanlı…”


Əsrin dördə birin vermişik yelə,
Çulu çoxdan düşüb, çaya dağların…
Təmiz adı vardı, “quzey qarı” tək,
Bağrına xal düşüb, saya dağların…
* * *
Başında çalma tək, ta durmur duman,
Əynində qalmayıb, nə kofta, tuman,
Lütlənib haçandır, qalıb lüt-üryan,
Qarına qan düşüb, maya dağların…
* * *
“Göznən görən” olduq, ta yox yalanı,
Bəh-bəhlə şəlləndik, zərli palanı,
Daranıb, talındı, olan-qalanı,
Ah-naləsi düşüb, Aya dağların….
* * *
İgidə “Tur dağ”-ı deyib, görənlər,
Dağa oxşadıbdı, özün ərənlər,
Hanı o ayama, ya ad verənlər?
Kalı çoxdan düşüb, haya dağların…
* * *
Ustacam, öcümü ala bilmirəm,
“Dədəm” dediklərin* deyə bilmirəm,
O döndü, mən indi dönə bilmirəm,
Səyi məndə düşüb, zaya dağların…
30.04.2019. Bakı.

MüəllifZaur Ustac


*Arsız aşıq elsiz necə yaşadı???
Ölsün Ələsgər tək qulların, dağlar…



DAĞLAR

(Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
22.01.2021. Bakı.

MüəllifZaur Ustac


YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR