EHTİRAZ MEJDİNOV

Qəhrəman Şəhrili oğullarından biri də Ehtiraz Mejdinovdur. Mejdinov Ehtiraz Oruc oğlu 1964 – cü ildə Ağdam rayonunun Yusifcanlı kəndinin Şəhrili məhləsində anadan olmuşdur. Onun dünyaya göz açdığı ailə kəndin sayılıb-seçilən kişilərindən biri, rayon üzrə respublika miqyasında tanınmış qabaqcıl kənd təsərrüfatı mütəxəssisi, Şəhrililər içərisində xüsusi hörmət-izzət sahibi olan Oruc (Nəcəfqulu oğlu) kişinin ocağı olub. Zəhmətkeş atanın halal çörəyi ilə böyüyən Ehtiraz 1972 – ci ildə Ağdam rayon Yusifcanlı kənd orta məktəbinin birinci sinfinə getmiş və 1982 – ci ildə həmin məktəbi bitirmişdi. Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdi. Sonra doğma kəndi Yusifcanlıya dönmüş və ailə həyatı quraraq öz halal zəhməti ilə yaşayırdı. Övladları dünyaya gəldi. Həyat öz axarında davam edirdi. Ancaq, “necə deyərlər, sən saydığını say, gör zaman nə sayır…” Birinci Qarabağ müharibəsi başlayan ilk gündən Oruc kişinin dörd oğlu və bir nəvəsi (Məmmədrza Mejdinov) döyüşən orduya qoşularaq Vətən uğrunda mübarizəyə qalxdı.

MEJDİNOV EHTİRAZIN DÖYÜŞ YOLU

Ehtiraz hələ 80- ci illərin sonlarından kənddə təşkil olunan kəndin mühafizəsi üçün gecə növbələrin ən fəal iştirakçılarından biri olub. 1991 -ci ilin sonu – 1992- ci ilin əvvəllərindən isə artıq rəsmi olaraq ilk yaradılan Azərbaycan Özünümüdafiə könüllü taborlarında xidmətə başlayıb. 1993 – cü ili yayında Ağdam verilənə qədər, Ağdam cəbhəsində vuruşub. Ağdamın işğalından sonra (buna qədər də bir neçə dəfə könülüləri tərxis etmişdilər. Ancaq, hər dəfə növbə ona çatanda Ehtiraz; – “adım Ehtirazdır” – deyib, qətiyyətlə buna etiraz edirdi. ) könülülərin çoxu tərxis olub evinə dönsə də, Ehtiraz qəhrəman, döyüşkən ulu əcdadlarından gələn bir ötkəmliklə eynən Nəbi kimi, – “Vətənin o başı, bu başı olmaz” – deyib Füzuli cəbhəsinə yollandı. O, sona qədər “ya biz bu torpaqları azad edəcəyik, ya da bu yolda şəhid olacağıq…” andına sadiq qaldı. Füzuli cəbhəsində uğurlu Horadiz əməliyyatlarının fəal iştirakçısı olan Ehtiraz Mejdinov 10 may 1994 – cü ildə atəşkəsə bir-neçə gün qalmış canından çox sevdiyi Vətən torpaqları uğrunda qəhrəmancasına şəhid oldu. Mütləq bu hadisənin özündə də bir hikmət var. Hələ Ağdam veriləndə bununla heç cür barışmayaraq, Füzuli cəbhəsinə yollanan Ehtiraz indi belə bir sülhü qəbul edərək gəlib başqa yerdə yaşaya bilməzdi. Elə buna görə bu mövzuda söz düşəndə onun fikri həmişə bir olub: – “ya biz bu torpaqları azad edəcəyik, ya da bu yolda şəhid olacağıq…” Uca Yaradan onu məhz bu əzabdan qurtararaq ən uca məqama şəhidlik zirvəsinə ucaltdı. Allah rəhmət eləsin… Ruhu şad olsun… Ehtirazı üzlərini doyunca görmədiyi üç övladı yadigar qalıb. Ehtirazın özündən başqa üç qardaşı və böyük qardaşı Ehtiramın (Nəcəfqulu – baba adı) oğlu Məmmədrza Birinci Qarabağ Müharibəsinin iştirakçısı Müharibə Veteranıdır.



Müəllif: Zaur Ustac



YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR