Sarı Aşıq

XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında, Həkəri çayının sağ sahilində XVII-XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olmuş, yaşamış və Qaradağlı kəndinin yaxınlığında hazırki Güləbird kəndinin ərazisində dəfn olunmuşdur.

Aşığın qəbri Zəngəzur mahalının, indiki Laçın rayonunun Güləbird kəndində, Həkəri çayının yaxınlığındadır. Qəbrin baş daşına onun xəyali şəkli də həkk olunmuşdur.

Sarı Aşıq haqda ilk məlumatı Həsənəli xan Qaradaği vermişdir. Öz həmyerlisi, əsli Qaradağdan olub Zəngəzurun Güləbird kəndinə köçmüş Sarı Aşıq haqqında verdiyi məlumata, Sarı Aşığın bayatı və qoşmalarına görə Azərbaycan ədəbiyyatşünaslığı məhz Həsənəli xan Qaradağiyə borcludur. “Sarı Aşıq haqqında ilk məlumatı XIX əsrdə yaşamış Qaradaği vermişdir”.Hüseyn Kürdoğlu, “Sarı Aşıq”, Bakı, “Sabah”, 1993

Arxeoloqlar 1927-ci ildə qəbri açaraq onun XVII əsrdə yaşadığını sübut etmişlər.

Sarı Aşığın həyatıyla bağlı xalq arasında “Yaxşı və Aşıq” dastanı təşəkkül tapmışdır.

Sarı Aşıq əsasən bayatılarıyla tanınır. O, “bayatı qoşmaq qadın işidir” deyənlərə meydan oxuyaraq yaradıcılığında bu janra üstünlük vermişdir.

Aşıq əsasən əxlaqi məsələlərə toxunan bu bayatılarında cinaslardan çox ustalıqla istifadə etmişdir.

Şeirlərində atalar sözlərini və məsəlləri tez-tez işlədən Sarı Aşıq çoxlu sayda sevgi şeirlərinin də müəllifidir.

1993-cü ildə erməni vandalları tərəfindən yuxarıda fotoda gördüyünüz Sarı Aşığın qəbürüstü abidəsi tamamilə dağıdılmışdır. 2020 -ci il müzəffər Azərbaycan Ordusunun qazandığı zəfərlə haqq aşığının məzarı da azad olunmuşdur. Allah rəhmət eləsin. Ruhuna Fatihə:



Təqdim edir: Zaur Ustac


YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR