WWW.YAZARLAR.AZ

Akif Abbasov – alim, yazar.

                            EVDƏN, ARVADDAN…

                                            (lətifəvari hekayə)

         Şakir axşam gec yatdığından ertəsi gün yuxudan gec oyanmışdı. Saatına baxdı. 12-yə 19 dəqiqə qalırdı Bunu görüb deyinməyə başladı:

         -Pah atannan, bu pandemiya başımıza oyun açır. Bekarçılıqdan gündüz yatırıq, axşam yuxumuz ərşə çəkilir. Oyananda görürük gün günorta yerinə qalxıb. Səhər yeməyi ilə naharı bir yerdə edib bir qədər gərdiş edirsən. Üç saatlıq SMS götürüb  dükanı, bazarı dolaşırsan, bir də onda görürsən ki,   axşam düşüb.  Bu SMS-in də bir pis xasiyyəti var. 2 saatlıq, yaxud 3 saatlıq müəyyən olunur. Bu üç  saatı iki dəfəyə, üç dəfəyə götürmək olmur.  

         Nə isə. Şakir dünəndən planlaşdırmışdı ki, bir taksiyə oturub nəşriyyata getsin. Kitabları çıxmışdı. Onları götürüb evə gətirməli, sonra da bazarlıq etməli idi.  Nəşriyyat da onlayn işləyirdi, içəri buraxmırdılar. Elə qapıdan kitabları verəcəkdilər ona ki, aparsın.

          Həm də dünəndən xəbərdarlıq eləmişdilər ki, günortaya qədər işdə olacaqlar.

Şakir əl-üzünü yuya-yuya fikirləşdi: “Görəsən bunların günortaya qədəri saat neçəyə qədərdir?”

Bir istədi üzünü qırxsın, fikirləşdi ki, gecikə bilər, gəlib sir-sifətinə əl gəzdirər.

Tələm-tələsik yeməyini yeyib, mobil telefonunu götürdü.  Covid-19-la bağlı yaşayış yerini tərk etmək üçün icazə almalı idi. İcazəni alandan sonra əyin-başını dəyişməyə başlasaydı, boş yerə ən azı 10-15 dəqiqə vaxt itirəcəkdir. Odur ki, paltarlarını dəyişə-dəyişə 8103-yə qoşuldu.  

2 Aze və pasportunun seriya nömrəsini yığmağa başladı. Cavab, yəni icazə 10-15 dəqiqəyə gəlirdi: “…nomrəsi üzrə müraciətiniz təsdiqləndi. Artıq 3 saat müddətinə yaşayış yerini tərk edə bilərsiniz”.

Oturub gözləyirdi. Cavab yox idi. Bir daha yığdı. Az sonra mobil telefon səsləndi. Şakir:  “Şükür, axır ki, cavab verdilər”, – deyə yerindən sıçrayıb gödəkçəsini geyindi. Çıxmağa hazırlaşırdı ki, ayaq saxladı: “Bəlkə hələ icazə verilməyib, kimsə mesaj göndərib. Birdən çıxaram, polislər saxlayarlar. Yaxşı düşməz”.

Mobil telefonu işə saldı: “Təəccübündən yerində quruyub qaldı. 8103-dən cavab gəlmişdi: “Bu gündən icazəni evdən, arvaddan almaq lazımdır!”

“Bu nə deməkdir?”

Şakir öz-özünə sual verdi və birdən sanki ayıldı. Gülməyə başladı. Yadına düşdü: “Axı Nazirlər Kabineti bir gün əvvəl qərar vermişdi: 2021-ci il yanvarın 18-dən SMS icazəsi ləğv olunur”.

                                Bakı şəhəri, 18 yanvar 2021-ci il


Müəllif:
 AKİF ABBASOV


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru