Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu məktəbinin təşəbbüsü ilə 28 may – Respublika Gününün 103-cü ildönümünə həsr olunmuş videokonfrans keçirilib.
Norveç, İsveç, Estoniya və Azərbaycandan iştirakçıların qatıldıqları tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə, Azərbaycan ədəbiyyatı və mədəniyyəti haqqında silsilə məqalələrin müəllifi, İsveçin Umea Universitetinin dosenti Səadət Kərimi, istedadlı şair, yazıçı Zaur Ustac, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyev, Estoniyadan Təranə Mirzəağayeva və digər şəxslər çıxış ediblər.
Natiqlər 103 il öncə Azərbaycanın dövlətçilik tarixində baş vermiş mühüm hadisə, Cümhuriyyət qurucuları barədə müfəssəl məlumat veriblər. AXC-nin 1918-1920-ci illərdəki fəaliyyəti barədə İsveç və ingilis dillərində kitabların nəşr olunduğuna diqqət cəlb edilib.
Rais Rəsulzadə babası və atası ilə bağlı xatirələrini bölüşüb. Məşəqqətli sürgün və qürbət illərində atası Azər Rəsulzadənin tar çalmaqla təskinlik tapdığından, 100-dən artıq yaşı olan həmin aləti gələcəkdə M.Ə.Rəsulzadənin ev muzeyinə hədiyyə edəcəyindən danışıb. AXC-nin 100 illiyi ilə əlaqədar Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Son iclas” bədii-sənədli filmində babasının obrazını canlandırdığını xatırladan rəssam qeyd edib ki, bu, onun üçün həm məsuliyyətli, həm də qürurverici olub.
Tədbir zamanı şair Zaur Ustac xalqımızın tarixi şəxsiyyətlərinə həsr etdiyi şeirlərini səsləndirib, “Son iclas” filmindən epizodlar, Şuşada “Xarıbülbül” musiqi festivalı münasibətilə keçirilən atəşfəşanlıq zamanı Əməkdar tarzən Sahib Paşazadənin tarda qələbə ruhlu ifası, Nizami Gəncəvi adına həftəsonu məktəbinin şagirdi, Norveçdəki azərbaycanlı icmasının fəal üzvü, gənc yazıçı və rəssam Səlim Abbaszadənin çəkdiyi Məhəmməd Əmin Rəsulzadənin portreti nümayiş etdirilib. Konfrans şagirdlərin ifasında 28 may – Respublika Gününə həsr olunan şeirlərin səsləndirilməsi, tədbir iştirakçılarına təşəkkürnamə və diplomların təqdim edilməsilə yekunlaşıb.

28 may Respublika Gününə həsr olunmuş tədbir.



Müəllif: 
Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru