Salam olsun! İlk öncə onu xatırladım ki, bu mənim artıq Vahid Çəmənlinin söz dünyasına ikinci belə səyahətimdir. Eyni zamanda demək olar ki, artıq uzun illərdir hər gün olmasa da ən azı həftədə bir-birimizin yeni bir şeirini, yazısını oxuyuruq. Hacı Vahidin “Bu yay da belə keçdi” kitabı haqqında yazdığım yazını (02.08.2018. Ön söz.) əbəs yerə xatırlatmadım. Həmən yazını  “… Sənin bu söz ağacının ən hündür budağının lap ucunda bir zəfər nəğməsinin tumurcuğu tutsun, İnşəAllah…” belə bir  arzu, istək, Böyük Allahdan təvəqqe ilə yekunlaşdırmışdım. Biz gec-tez bu arzuların reallaşacağına inanırdıq. Bizi yaşadan elə bu ümid dolu həyata, dünyaya baxış idi. Bütün bu hiss-həyacanın təsirləri də qələmimizə yansıyır, bizi gah kövrəldir, gah da sevindirirdi…

QISA ARAYIŞ

Hacı Vahid Çəmənli – Vahid Valeh oğlu Qasımov 27 iyun 1965 – ci ildə Azərbaycan Respublikası, Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. “Dəli Çəmənli”,  “Nə ömürdü yaşadım”,  “Hər şey yaxşıya doğru”,  “Bu yay da belə keçdi”  … kitablarının müəllifidir. “Mən eşq atəşiyəm” adlı haqqında söhbət açdığımız bu kitab şairin özündən əvvəlki kitablarından hər cəhətdən fərqlənir.

Qeyd etdiyim kimi şairin “Bu yay da belə keçdi” kitabı haqqında 2018-ci ildə yazmışdım. Artıq üstündən zaman baxımından üç ilə yaxın vaxt keçib. Bu 3  il tarix səhnəsində qısa zaman kəsiyi olsa da, ötən vaxt ərzində çox böyük dəyişikliklər baş verdi. Ozan dili yüyürək olar deyirlər. Arzularımız çin, niyyətlərimiz hasil oldu…  Şairin  söz ağacının ən hündür budağının lap ucunda bir zəfər nəğməsinin tumurcuğu tutdu. Çiçək açdı. Bar verdi…  Uzun illər Vətən, doğma yurd  həsrəti ilə qovrulan, nisgilini, arzusunu ağ kağızlara köçürüb kitab edərək “Bu yaz da gələ bilmədik”,   “Bu yaya da belə keçdi” deyən, yazan Hacı Vahid Çəmənli nəhayət “Biz gəlirik” barədə düşünməyə başladı…  Onun söz bağçasına nəhayət Bahar gəldi. Bu baharın gəlişi Miladi ilə qanlı-qadalı 2020 (2+2=4, ölüm + ölüm = zəfər) – dən sonra, 2021-ci ilə təsadüf etdi.  Hansı ki,  hal-hazırda bu keşməkeşli mövsümü yaşayırıq…

Belə bir dövrdə Hacı Vahid yeni bir kitabla oxucuların görüşünə tələsir. Əvvəlki kitablarda zəmanədən şikayətçi olan şair bu dəfə yeni kitabını şövqlə “Mən eşq atəşiyəm” deyə adlandırıb.  Elə oxucu ilə ilk qarşılaşmasındaca inamla;

Bu, eşq atəşidir, sönən yeri yox,
Ayrılan yolların dönən yeri yox.
Elə öyrənmişəm mavi göylərə,
Ruhumun torpağa enən yeri yox…

deyən şair şanlı zəfərdən ruhlandığını, bihuş olub mavi səmanın ənginliklərinə daldığını, nə olur-olsun bir daha enməyəcəyini vurğulayır.

Və ya

Gəldin, yenə gördük gülər üzünü,
Əlləri xonçalı, gözü nəm Bahar.
Qocaman yurdumun övladlarını
Tonqalın başında etdin cəm Bahar.

həmən ardınca, demək olar ki, büllür çil-çıraqlı göz qamaşdıran söz sarayının elə dəhlizindəcə  şəhidlərimizin qanı bahasına əldə olunmuş qələbəni xatırladır… Bu bahardakı birliyi, vəhdəti tərənnüm edir.

Həqiqətən həddindən artıq sevincək görünən şair elə dəhlizdəcə ürəyini boşaltmaq, dilində nə var demək acələsi ilə;

Gəlişin çox ağır zamana düşdü,
Ömrümüz naqafil dumana düşdü.
Vahidin ürəyi gümana düşdü,
Sevinci bir azca oldu kəm, Bahar!..

sanki, “Bu yay da belə keçdi” kitabı haqqında 2018-ci ildə bəndəniz tərəfindən qeyd olunmuş “…bu xəmir hələ çox su aparacaq…” fikrini xatırlayır və bu fikri oxucusu ilə bölüşməyə tələsir. Təəssüf  hissi  keçirir.

Ancaq,

Vahid, sözlərini nizama düz çək,
Tikanın üstündə bitsin gül-çiçək…
Ayıq ol, deməsin hər ağzıgöyçək,
Şirini qatırsan şora yazırsan.

qeydi ilə söhbətinə çəki-düzən verən şair, ağır təbəddülatlı günləri, qapalı karantin günlərini, dost-tanışı bir-bir yada salıb xatırlayır. Gələcəyin ümidverici olduğuna, ən azından bu ilin bu gününün ötən ilin bu gönündən çox fərqləndiyini inamla, qürurla, fəxrlə oxucu ilə  bölüşür. Hardasa qəlbin bir küncündə azacıq kədər gizlənsə də şairin gələcəyə ümidi böyükdür. Burada onu da qeyd etmək istəyirəm ki, Hacı Vahid Çəmənli sözünü bu imid işartısı, gələcəyə inam heç vaxt tərk etməyib. Məsələn hələ onunillər əvvəl işıq üzü görmüş kitablarından biri yuxarıda qeyd etdiyim kimi “Hər şey yaxşıya doğru” adlanır. Vahid  Çəımənli yaradıcılığı həmişə (ən azı mən tanış olandan) haqqa söykənib, gələcəyə ümidlə baxıb. İndi isə demək olar ki, şair sevincinin pik nöqtəsindədir;

Mən bir od parçası,
Sən bir ovuc su,
Töküldün üstümə, cızdağım çıxdı.
Olanım, qalanım bir can qorxusu,
O da sönüb getdi, gözdağım çıxdı.

İçi boş olanda güyüm səs edər,
Ürək güyüm deyil səs sala, gülüm.
Odu söndürməyə suyun bəs edər,
Qorxmursan, ürəyin boşala, gülüm?

Soyuq ilan kimi sarılar sənə,
Qalan təpərin də candan tez çıxar…
Mən eşq atəşiyəm,-
Sönsəm də, yenə
Külümün altından təzə köz çıxar.

deyən şair, artıq bütün çətinliklərin, ağrı-acının arxada qaldığına inanır və bunu oxucusuna çatdırmağa, onu da inandırmağa çalışır.

Bu kitabda toplanmış şeirlər də Hacı Vahid  Çəmənli yaradıcılığına xas olan  hər yerdən, hər şeydən söhbət açmaq xüsusiyyəti ilə yükümlü olsa  da, artıq hiss olunr ki, söhbətin mövzusunun nə olmasından asılı olmayaraq şair hər dəfə keçənə şükür edir, gələcəyə isə ümidlə baxır. Ürəyində sönməyən eşq atəşi olan şair yazıb-yaratmaq eşqi ilə yanıb, tutuşur. Dilinə gətirmək istəmədiyi kiçicik bir incikliyi, narazılığı qəlbinin dərinliklərinə gömərək, sanki belə bir şey yoxmuş tək davranır. Uğurdan, xoş gələcəkdən söhbət açır.

Söhbətimin əvvəlində qeyd etdiyim kimi, Hacı Vahid Çəmənli özü də, sözü də mənə yaxın, doğma olan bir şəxsdir. Yəni sözün əsl mənasında bu kişini filan vaxtdan tanıyıram demək mümmkün deyil. Biz elə bir-birimizi söz yaranandan tanımışq ki, bunu da hər hansı bir zaman, məkan çərçivəsində məhdudlaşdırmaq mümkün deyil.

Qələm dostum, söz sirdaşım Hacı Vahid Çəmənliyə özünün arzuladığı, şeirlərində vəsf edib oxucusuna təlqin etdiyi o xoş günləri görməyi arzu edirəm. Hacı, yuxarıda qeyd etdiyim məlum yazının sonunda “… Sənin bu söz ağacının ən hündür budağının lap ucunda bir zəfər nəğməsinin tumurcuğu tutsun, İnşəAllah…” deyə arzu etdik, niyyət tutduq çin çıxdı. İnşəAllah bu çiçəklər bar tutar, barın dərərsən, bizlərlə bölüşərsən! İnşəAllah. Uğurlarınız bol olsun!!!

Sona qədər həmsöhbət olduğunuza görə təşəkkür edir və sizləri əsl söz ziyafətinə dəvət edirəm. Hacı Vahid Çəmənlinin  “Mən eşq atəşiyəm” deyə adlandırığı ziyafətə.

06.06.2021. – Bakı.


Müəllif: Zaur Ustac


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru