Seymur Sönməz (Paşayev) – yazar, şair.

VÜSALA HƏSRƏT QALAN​ MƏHƏBBƏT
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ (esse)​ ​ ​ ​ ​
​ ​ ​ “Hər kim ki, eşq əhlini salır əziyyətə, Özgə qarğışım yox, onu düçar olsun məhəbbətə!” Əlağa Vahidin bu deyimini hər ikisi əhdi-peyman kimi dillərinə gətirmişdilər, ilk dəfə tanış olanda. Əslində, oğlan bu misraları təzəcə tanış olduqları vaxtlarda qıza yazıb göndərmiş, qız isə ona: “Bizim eşqimizə kim dönük çıxsa, Allah ona lənət eləsin!” – sözləri ilə cavab vermişdi.
​ Oğlan onu ürəkdən, özü də dəlicəsinə sevirdi.​ Qız da bu sevgiyə biganə deyildi. Onların ilk tanışlıqlarının tarixçəsi “sosial şəbəkə”də dostlaşdıqları​ vaxta gedib çıxırdı. Əvvəlcə bir-birlərini ilıq kəlmələrlə sevindirmiş, günlər keçdikcə yazdıqları sözlərin ahəngi dəyişmiş, oğlanın sevgisinə qız müsbət cavab vermişdi. Bir-birlərindən məsafəcə uzaq olsalar da, səmimi duyğular onları qırılmaz tellərlə birləşdirmişdi…
​ ​ Antik dövrlərin məşhur filosoflarından olan Platonun adıyla sonrakı nəsillərin də bəyəndikləri bu eşqi əslində plotonik məhəbbət də adlandırmaq olardı! Qəlblərinin ən dərin qatlarında sirr kimi gizli qalan bu sevgi hər ikisini yandırıb-yaxan alov kimi idi…
​ ​ Gündən-günə şiddətlənən bu yanğı onları gec-tez birləşməyə, vüsalın şirin dadını birlikdə duymağa sövq edirdi. Gənc cütlük öz həyatları barədə bir-birlərinə əhatəli məlumat vermişdilər. “Whapsapp”dakı şəkilləri onların yaraşıqlı, cazibədar olduqlarını da təsdiqləyirdi. Yaş fərqləri​ o qədər də çox deyildi. Oğlanın otuz bir , qızınsa iyirmi səkkiz yaşı var idi. Hər ikisi çox tərbiyəli ailədə böyümüş və​ şəxsi xarakterləri o qədər də fərqli deyildi. Geniş dünya görüşünə, ədəb-ərkana sahib idilər. Yazışmalarında yeralan səmimi-duyğusal kəlmələr bunun ən bariz nümunələri idi…
​ ​ ​ Günlər, aylar bir-birini əvəz etsə də, onlar öz sevgilərini gah yazışmalarla, gah da telefonla danışmaqla davam etdirir, son nəfəslərinə qədər öz əhdlərinə sadiq qalacaqlarına and içirdilər. Ancaq elə bil heç biri qovuşmaq istəyi ilə növbəti bir addım atmaq fikrində deyildilər…
​ ​ ​ Oğlan ürəyində hərdən düşünürdü: “Görəsən bu qız mənimlə “sevgi oyunu” oynamır ki?” Qızın özü isə fikrində oğlandan eşitdiyi sözlərin şirinliyindən az qala məst olsa da, çox dərinə getmək istəmirdi. Oğlanın iztirablarını​ əyləncə vasitəsi hesab edir, sanki bundan həzz alırdı…
​ ​ ​ Onun suallarını yetərincə cavablandırır, sevgisinə sevgi ilə cavab verir, hərarətli kəlmələrini ondan əsirgəmirdi. Hərdən də ürəyinin dərinliklərində özünü qınayırdı: “Axı, bu yazıq oğlanı, niyə yolundan eləyirəm. Yazdıqlarından bilinir ki, çox kasıbdır, yalnız quruca maaşa göz dikib, ayaqda güclə dayanır. Axı, sevgi ilə gün-güzəran başa gəlmir? Arada yadına bir yaxın rəfiqəsinin taleyi də düşürdü. Həmin qız da, onun kimi ilk baxışdan birinə vurulmuşdu. Heç aradan üç ay keçməmiş könül verib, könül aldığı oğlanla evləndilər. Oğlan onun başına pərvanə kimi dolansa da, ehtiyacın boz sifətini görən kimi, məhəbbəti onun imdadına çata bilmədi. İlk vaxtlarda çətinliklərə sinə gərsə də, əzmkarlıq göstərib dözməyi bacarmadı. Axırda oğlana: “Elə bilmə ki, sənə könülsüz gəlmişəm, ancaq gördüm ki, sevgi-məhəbbətlə qarın doymur! Ona görə də gəl bir-birimizə “əlvida” söyləyib, ayrılaq! ..
​ Bu barədə xeyli düşünəndən sonra özlüyündə son qərarını verdi. Ancaq insafən mərhəmətsiz deyildi. Bir ilə yaxın sevdiyi oğlanın birdən-birə qəlbini qırmağı günah hesab edərək ondan kölgə kimi yavaş-yavaş uzaqlaşmağı qərara aldı. Əvvəlcə yazışmalarının sayını azaltdı, sonra oğlanın telefon zənglərini əksər vaxtlarda cavabsız qoydu…
Gözəgəlimli olduğundan varlı bir ailədə böyümüş birinin diqqətini tez çəkdi. Yeni sevgilisinin sir-sifəti, boy-buxunu xoşuna gəlməsə də, aldığı bahalı hədiyyələr, sahib olduğu maşınlar, yaşadığı təmtəraqlı malikanə​ gözlərini qamaşdırdı. Və nəhayət barmağına taxılan çox bahalı nişan üzüyündən sonra özünün təbirincə desək, günlərin birində “sevgi oyununa” xitam verdi…
​ ​ ​ Qızın qəfil dönüşündən başını itirən oğlana isə son cavabı bu oldu: “İncimə, elə zənn elə ki, bu sevgi macəramız hər ikimizin eyni vaxtda gördüyümüz şirin bir yuxu imiş. Və bu yuxunun sonunda səndən qabaq mən başa düşdüm ki, real həyatda bu cür məhəbbət o qədər də uzun ömürlü olmur. Mənim kimi, sən də özünə layiq birini tapmaq haqqına sahibsən. Əlvida…
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Oğlan gözləmədiyi sözlərdən çox sarsılmışdı. Ürəyində dönə-dönə qınadığı bu vəfasız qıza aşağıdakı bir bəndlik şeirlə cavab verib aldandığına görə özünü dönə-dönə qınadı:
​ ​ ​ ​ ​
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Sənə neyləmişdim, barı danış-din,
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Şirin yalanlarla başımı qatdın!
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Heç demə oyunmuş yalançı sevgin,
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Niyə saf bir eşqi tapdayıb atdın?

Müəllif:Seymur SÖNMƏZ

SEYMUR SÖNMƏZİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru